loading...

Formula 1 Şəhər Halqasının elektronika təchizatı necə təşkil olunub?

Formula 1 Şəhər Halqasının elektronika təchizatı necə təşkil olunub?Yarış halqası müxtəlif texnoloji sistemlərdən və avadanlıqlardan ibarət olan mürəkkəb sistemdir. Söhbət şəhər halqasından gedirsə, vəziyyət bir az da çətinləşir. Çünki təşkilatçı tərəf məhdud ərazidə qısa müddət ərzində müxtəlif elektronika sistemlərini tam olaraq quraşdırmalıdır. Bəs bu sistem necə işləyir?

“Eurodesign” şirkətinin (Bakı Şəhər Halqasının bütün texnoloji sistemlər və İT xidmətləri üzrə əsas tərəfdaşı) mütəxəssisləri bu kompleksin elementləri haqqında ətraflı məlumat veriblər.

Yarışın əsas dəstəkçisi

Yarışlar zamanı adətən müxtəlif hadisələr baş verir: pilotlar zərbəyə məruz qalırlar, yarışda idman qaydaları pozulur, sıra düzülüşü zamanı komandalar səhvlərə yol verirlər və s. Bakı Şəhər Halqası Əməliyyat şirkəti trek boyunca quraşdırılacaq yüksək keyfiyyətli 39 İP kamera vasitəsilə oyunun hər bir anının diqqətdən kənarda qalmamasına nail olmağa çalışacaq. Əldə edilən bütün video-görüntülər halqanın döyünən ürəyi sayılan Yarışa Nəzarət Mərkəzində quraşdırılacaq xüsusi bazada toplanacaq. Yarış direktoru və onun işçi heyəti bu mərkəzdə fəaliyyət göstərirlər və onlar 18 ədəd yüksək keyfiyyətli 55-inç LED ekranlarda trekdə baş verənləri izləyirlər. Beləliklə, pilotların və marşalların bütün hərəkətlərinə nəzarət edilir.

Yarış zamanı bütün video-yazılar tədbirin gedişatı ərzində kameraların qeydə aldığı məlumatları yaddaşda saxlayan xüsusi rəqəmsal məlumat bazasında toplanır.

Kameralar yarışa nəzarət və video-yazıların nümayişini həyata keçirməklə yanaşı, ən müasir proqram təminatından istifadə etməklə video-şəbəkənin istənilən hissəsində qeydə alınan görüntülərə baxmağa və onları təkrar izləməyə imkan verəcək.


Eyni dalğada

Yarışların təşkili zamanı radio-ünsiyyət əsas elementlərdən biri sayılır. Marşallar və təşkilatçı şirkətin əməkdaşları radio-ünsiyyət sistemindən istifadə etməklə yarış sahəsində öz fəaliyyətlərini əlaqələndirə biləcəklər. Yarış zamanı rəqəmsal standartlara uyğun olan 1000 TETRA radio-stansiyası quraşdırılacaq.

Əgər saniyənin bir hissəsi belə hesaba alınırsa...

Formula 1 yarışı yüksək texnologiyaların və sürətli bolidlərin yarışıdır. Odur ki, trekdə bütün göstəricilərin, o cümlədən baş verə biləcək hər hansı bir hadisə barədə xəbərdarlığın dəqiq olması böyük əhəmiyyət kəsb edir.

Məsələn, Formula 1 yarışlarında istifadə olunan induksiya halqası asfalta həkk olunur və trekin müəyyən bir hissəsində bolidlərin hərəkət vaxtını və zamanını təyin edir. Formula 1 rəhbərliyi (FOM) bundan əlavə sürət və temperatur sensoru, yarışa başlamanı göstərən işıqlardan, Pit Yolunda nəqliyyatın müvafiq hərəkətini təyin edən işıqlardan və digər avadanlıqlardan istifadə edir. Bu “yük” mövsüm ərzində səfərlər zamanı komandalarla birlikdə səyahət edir.

"Eurodesign" şirkətinin mütəxəssisləri Pit Yoluna daxil olan obyektlər barədə də pilotları xəbərdar etmək məqsədilə yüksək səs və işıq siqnallarından istifadə edəcəklər.

Trekin elektronikası tək komandaların və marşalların deyil, həmçinin tamaşaçıların da ehtiyaclarını nəzərə alır. Bakı Şəhər Halqasının bütün tribunaları səs xəbərdarlıq sistemi ilə təchiz olunacaq. Bu sistem Avropa Qran Prisinin qonaqlarına yarış barədə şərhləri və digər əhəmiyyətli elanları dinləməyə imkan verəcək.

Ümumiyyətlə, səs hər bir yarışın əsas komponentidir. Qran Pri kimi yarışlara gəldikdə isə bu sistemin mürəkkəbliyi daha da artır. Burada iş təkcə bütün tribunaları səs sistemləri ilə təchiz etməklə bitmir. Bununla birlikdə dünyanın müxtəlif ölkələrindən gələcək 400 nəfərə yaxın jurnalistin toplaşacağı və FİA mətbuat konfranslarının keçiriləcəyi Media Mərkəzi də bu səs sistemi ilə təchiz edilməlidir.

Hər bir tribunanın və Pit Stop binasının qarşısında quraşdırılacaq ümumilikdə 15 ədəd geniş və keyfiyyətli LED ekranlar qonaqlara Formula 1 əhval-ruhiyyəsindən zövq almağa imkan verəcək. Ən böyük ekranın ölçüsü 40-45 kvadrat metr olacaq. Beləliklə, Qran Prinin tamaşaçıları trekdə baş verən nəfəskəsici anların heç birini qaçırmayacaqlar.

Trek boyu quraşdırılacaq televiziya sistemləri Paddok Klubu, FİA və Formula 1-in rəsmi nümayəndələrinin, komandaların, media işçilərinin və idman şərhçilərinin canlı olaraq yayımlanacaq görüntüləri izləməsinə şərait yaradacaq. Qeydə alınan görüntülər 350-dən çox yüksək keyfiyyətli 40 inçlik televiziya ekranında canlı olaraq yayımlanacaq.


Qlobal kompüter şəbəkəsi

Media Mərkəzi, Yarışa Nəzrət Binası, komandalarının qarajları, Formula 1 Yayım Mərkəzi, Yerli Televiziya Qovşağı və Paddok Klubu yüksək sürətli internetlə təmin olunacaq.

İnternet təminatı ilə yanaşı, qeyd olunan yerlərdə beynəlxalq şəbəkəyə çıxış imkanı verən telefon xətti (VoIP) quraşdırılacaq.

Yarış zamanı internetdən istifadə edən ən tələbkar şəxslər, sözsüz ki, böyük həcmdə məlumatları göndərəcək və məlumatları daim izləyəcək jurnalistlər və fotoqraflardır. Onlar kabel xəttinə qoşulmaqla yanaşı, xətalara qarşı 100 faiz etibarlı və yüksək sürətli Wi-Fi şəbəkəsinə çıxış əldə edəcəklər. Bütün şəkillər vaxtında yayımlanacaq!

Trek boyu quraşdırılacaq kabel infrastrukturu iki-istiqamətli və çoxlu sayda vacib hissələrdən ibarət “Ring” topologiyasından təşkil olunacaq və burada daşına bilən fiber-optik kabelli silindrdən istifadə olunacaq. Bu sistem müvəqqəti olaraq quraşdırılacaq sürətli şəhərin yol infrastrukrunun vacib hissəsidir.

Bir məqamı da qeyd edək ki, istifadə ediləcək bütün avadanlıqlar və əməliyyat qaydaları Bakı Şəhər Halqası ilə əməkdaşlıq edən və Avropa Qran Prisinə hazırlıqların gedişatını gündəlik olaraq izləyən FİA, Formula 1 rəhbərliyi və Tilke Bürosunun tələblərinə cavab verməlidir.

Müvəqqəti işçilər də daxil olmaqla 100-ə yaxın şəxs Avropa Qran Prisində istifadə olunacaq yarış avadanlıqlarının və digər texnoloji sistemlərinin işinə nəzarəti öyrənmək üçün indidən xüsusi hazırlıqlara başlayıb.

Bu trekin müvəqqəti olaraq qurulduğunu və şəhər yarışı olduğunu nəzərə alsaq, sistemlərin və avadanlıqların quraşdırılması və işə salınması üçün vaxtın məhdud olduğunu görə bilərik. Odur ki, "Eurodesign" şirkətinin heyəti bu sistemi müvəqqəti olaraq müəyyən bir ərazidə quraşdıraraq onu sınaqdan keçirəcək. Bu mərhələ artıq 1 mart 2016-ci il tarixindən etibarən başlayıb.

Bir daha xatırladaq ki, Azərbaycanda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisi 17-19 iyun tarixlərində paytaxtın mərkəzi küçələrində inşa edilmiş Bakı Şəhər Halqasında baş tutacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər