loading...

MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...Son parlament seçkilərindən 4 ay keçsə də, Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırılması yubanır; “2015-ci il parlament seçkilərindən sonra özüm gedəcəm” deyən 16 illik sədri yola salmaq üçün səbəblər də var...
Azərbaycanda son parlament seçkilərindən 4 ay keçsə də, Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması yubanır. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hələ fevralda MSK-nın mart ayına qədər formalaşacağını demişdi. S.Novruzov YAP-da bununla bağlı hazırlıq işlərinin getdiyini və partiyanın İdarə Heyətinin qərarından sonra MSK üzvlüyünə namizədlərin müəyyənləşəcəyini bildirmişdi. MSK-nın hazırkı tərkibinin səlahiyyət müddəti xeyli vaxtdır bitib, amma nə yeni tərkib formalaşıb, nə MSK sədri var... Üstəlik, parlamentdə yeni mandat əldə edən Azərbaycan Sosial Demokrat, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyalarının MSK-da təmsil olunması yubadılır, öz nümayəndələrini seçki komissiyalarına göndərmək hüququndan yararlana bilmirlər.

Yeri gəlmişkən, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov vəzifəsindən gedib, martın 28-də isə onun yerinə sabiq ombudsman Ella Panfilova seçilib. 2007-ci ildən MSK-ya rəhbərlik edən Çurovun istefasını Rusiya müxalifəti də tələb edirdi. Rusiya siyasi elitasının əsas regionu - leninqradlı Çurovun gözlənilmədən vəzifəsindən yola salınması və reputasiyası kifayət qədər şəffaf olan Panfilovanın MSK-ya gətirilməsi Rusiya mediasında ciddi müzakirə olunmaqdadır. Əsas iddia budur ki, Çurovun rəhbərliyi dövründə Rusiyada seçki qanunvericiliyi sahəsində geriləmə olub, keçirilən seçkilər beynəlxalq qınağa tuş gəlib, ölkənin ATƏT-in seçki institutları ilə münasibətləri pozulub.



Siyasi idarəetmə baxımından Rusiya modelinə yaxın Azərbaycanda da eyni fikirləri Məzahir Pənahov haqda demək mümkündür. Azərbaycan hökuməti və Avropada seçkini müşahidə edən əsas beynəlxalq qurum arasında münasibətlər son parlament seçkiləri ərəfəsində gərginləşdi və nəticədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla, digər xarici təşkilatlar Azərbaycana müşahidəçi göndərməkdən imtina etdi. 2000-ci ildən MSK-ya rəhbərlik edən M.Pənahovun yola salınacağı ilə bağlı məlumatlar demək olar ki, qurum hər formalaşdıqda gündəmə gəlir. Bu illər ərzində onun rəhbərliyi ilə ölkədə üç prezident (2003-2008 və 2013), üç bələdiyyə (2004, 2009 və 2014), dörd parlament (2000, 2005, 2010 və 2015), iki dəfə (2002 və 2009) referendum keçirilib. Sirr deyil ki, həm ölkədə, həm də Qərbdə bu seçkilərin nəticələri hər zaman ciddi şübhə və etirazlar doğurub.



Məlumatlara görə, MSK-nın formalaşdırılmasının ləngiməsinin səbəbi M.Pənahovun vəzifəsindən azad ediləcəyi ilə bağlıdır. Hələ son seçkilər ərəfəsi belə xəbərlər də vardı ki, MSK sədri yaxın ətrafına “2015-ci il parlament seçkilərindən sonra özüm gedəcəm” deyib. “Hazırda onun yerinə gətirilməsi planlaşdırılan namizədlərlə bağlı müzakirələrin getdiyinə dair fikirlər var. Daha dəqiqi, hakimiyyət daxilindəki bütün tərəfləri razı sala biləcək namizəd axtarılır” deyə, azpolitika.info saytı yazır. Xəbərdə o da iddia edilir ki, ölkə rəhbərliyi səviyyəsində MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyulması məsələsi də müzakirə olunur.



M.Pənahovun varisi haqda da ən müxtəlif məlumatlar var. Məsələn, bu posta ən real namizədlər sırasında ölkədə bütün qanunların hazırlanmasında əsas fiqurlardan olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adı çəkilir. Bundan başqa, Prezident Administrasiyasında da bir neçə nəfərin bu posta namizədliyinin müzakirə edildiyi söylənilir.

Məlumatlarda o da bildirilir ki, MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyularaq, Daxili İşlər Nazirliyini tabeçiliyinə verilməsi təklifi də var. Qeyd edək ki, təkcə Türkiyədə deyil, bir sıra Avropa ölkələrində də seçki DİN-in nəzarəti altında keçirilir. Bu təcrübədən Azərbaycanda istifadə olunması isə indilikdə real görünmür. Yeri gəlmişkən, 1992-ci ildə Mərkəzi Seçki Komissiyasının ilk sədri mərhum Cəfər Vəliyev 1979-1987-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri işləmişdi...

“Yeni Müsavat”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər