Mediasiya Şurası nəyə lazımdır…- Məqsəd məhkəmələrin yükünü azaltmaqdır, yoxsa vətəndaşların cibini soymaq?
Tarix: 10-11-2021, 19:49
Baxılıb: 904
Google+ Paylaş
Tumblr Paylaş

Mediasiya Şurası nəyə lazımdır…- Məqsəd məhkəmələrin yükünü azaltmaqdır, yoxsa vətəndaşların cibini soymaq?

10-11-2021, 19:49

Qanunvericiliyimizə uyğun olaraq ailə, əmək və kommersiya mübahisələrində ilkin mediasiya nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, mübahisə tərəflərinin məhkəməyə müraciət etməzdən əvvəl, mediasiyaya müraciət etməsi məcburidir. Əks halda mübahisə üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraaata qəbul edilməyəcəkdir.

Mediasiya prosesini məhkəmə araşdırmasından fərqləndirən cəhət kimi göstərilir ki, guya mediasiya prosesi hər iki tərəfin istəyi ilə başlayır, məhkəmə araşdırması isə bir tərəfin iddia qaldırması ilə, digər tərəfin və ya tərəflərun iradəsinə uyğun olmasa da başlayır. Məhkəmə hakimiyyət səlahiyyətinə malikdir, mediator isə yalnız tərəflərə onlar üçün sərfəli olan qərarın qəbulunda kömək edir. Mediasiya prosesində tərəflər əməkdaşlıq edir, məhkəmədə isə məcburetmə sistemi işə düşür. Məhkəmə prosesi prosesual qaydada bitir, məhkəmənin qəbul etdiyi qərarla bir tərəf udur, digər tərəf uduzur, mediasiyada isə uduzan tərəf olmur, qərarı tərəflər qəbul edir, saziş əldə edilirsə, bu, bütün tərəfləri qane edir, tərəflər istədikləri vaxt mediasiya prosesini sonlandıra, tərk edə bilirlər.
Burada nəzərə alınmayan bir çox nüanslar vardır. Bu yerdə xatırladaq ki, Mediasiya (latın sözü olan Mediare – vasitəçilik) – mübahisələrin neytral və qərəzsiz üçüncü tərəfin – mediatorun köməkliyi ilə məhkəmədənkənar, ən yumşaq alternativ həlli metodudur. Mediasiya prosesi zamanı münaqişə tərəfləri sərbəst olaraq onları qarşılıqlı şəkildə qane edən qərar verirlər. Medator mübahisəni həll etmir, qərar vermir, tərəflərin mübahisəni həll etməsinə, qərar qəbul etməsinə kömək edir.
Amma gəlin götürək elə boşanma məsələsini. Boşanmaq istəyənlər (yaxud, onlardan hər hansı biri) qərarlarını qətiləşdirsələr belə, bildiyimiz kimi məhkəmə onlara düşünmək üçün vaxt verir. Bu, onunla əlaqədardır ki, dövlətimiz ailələrin dağılmasında deyil, qorunmasında maraqlıdır və ən çox zərərin uşaqlara dəyməsini nəzərə alır. Belə çıxır ki, bundan sonra bir aydan çox müddət də mediasiyaya gedəcək. Haşiyyə: “Mediasiya Şurası – mediatorluq yaranana qədər boşanmaq istəyən tərəflər boşanmaq üçün məhkəməyə dövlət rüsumu olaraq 20 manat ödəyirdi. Lakin indi bu ödəniş beş qat artırılıb. Artıq boşanmaq istəyən tərəf mediatora müraciət etdikdə, 50 manat pul ödəməlidir. Əgər tərəflər boşanmaqda israrlıdırlarsa, onda iş məhkəmə masasında çıxır və belə olan halda da məhkəməyə iddia ərizəsi ilə müraciət edən şəxs yenidən məhkəməyə (rüsum haqqı) 50 manat da pul ödəməlidir. Hansı ki, yuxarıda qeyd etdiyim kimi əvvəllər boşanmaya görə məhkəmə rüsumu 20 manat təşkil edirdi. Göründüyü kimi mediatorluq heç bir işə yaramayib. Əksinə məhkəməyə müraciət edən insanlara həm vaxt, zaman itkisi, həm süründürməçilik, həm də beş qat maddi ziyan vurur.” Hələ ağsaqqalların, ağbirçəklərin, qohum-əqrəbanın xeyli müddətdən bəri tərəflərə ailəni dağıtmamaq barədə tövsiyələrini də nəzərə almaq lazımdır. Mentalitetimiz var axı. Bəyəm həmin o nəsihət verən şəxslər qeyri-rəsmi mediatorlar (vasitəçilər) deyillərmi? Belə olan halda mediasiyaya ayrılan vaxt itkiyə getmirmi?
İtkidən danışanda mediasiya xərcini də nəzərə almaq lazımdır. Qanuna görə bu xərci tərəflər öz aralarında bölüşməlidirlər, təşəbbüsün kimdən gəldiyindən asılı olmayaraq. Götürək, elə əmək mübahisəsini. Müəssisə ilə işçi arasında pul mübahisəsi vardır. İşçi əmindir ki, məhkəməyə müraciət etsə, mübahisə ilə bağlı çəkişməni udacaq, borcundan əlavə, iddia qaldırmaq üçün ödədiyi haqqı da uduzan tərəfdən alacaq. Fərqli olaraq, haqlı tərəf mediatora ödəmiş olduğu xidmət haqqını heç bir vəchlə geri ala bilməyəcək.
Deməli, mediasiya institutunun yaradılmasında məqsəd əhalinin cibinə girmək, insanları əlavə xərcə salmaqdır. Digər arqument – məhkəmələrin iş həcminin yüngülləşdirilməsi isə anlaşılan deyil. Axı niyə məhkəmələrin işləri yüngülləşdirilməlidir? Bəyəm hakimlərin aldıqları maaş azdırmı?
İkinci səbəb isə beynəlxalq məhkəmələrə gedib çıxan işlərin sayını azaltmaq ola bilər. Əslində, nümayəndəlik institutunun ləğvi, beynəlxalq məhkəmələrə çıxmaq üçün mütləq şəkildə Vəkillər Kollegiyasının üzvü olan vəkilin xidmətindən istifadə etməyin vacibliyinin təsbitlənməsi də bu məqsədə xidmət edirdi.
RAMİN MƏHƏMMƏDOĞLU,
REALMEDİA.AZ SAYTININ BAŞ REDAKTORU


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ