Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlunun Suriyanın şimalında türk əsgərlərinə PKK/YPG yaraqlıları tərəfindən son günlər artan hücumlara görə Rusiyanı və ABŞ-ı ittiham etməsinin ardınca Rusiya donanmasının Suriyaya ağır hərbi texnika daşıyan iri desant gəmisi Bosfor boğazından keçib.
Reportyor.tv virtualaz.org-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bosfor boğazından keçən və ağır yük daşıdığı görünən “Orsk” desant gəmisinin fotoları yayılıb.
Xatırladaq ki, Çavuşoğlu bu hücumların dayandırılmayacağı halda Türkiyənin öz başının çarəsinə baxacağı haqda xəbərdarlıq etmişdi.
“Orsk” böyük desant gəmisi 20-yə qədər əsas döyüş tankı və ya 45 BTR, yaxud 50-dən çox yük avtomobili daşıya bilir. Gəminin göyərtəsində sursat olduğu da güman edilir.
Ehtimal edilir ki, Rusiya Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlaya biləcəyini nəzərə alaraq Əsəd ordusuna yeni silah-texnika göndərir. Bundan əvvəl prezident Ərdoğan bəyan etmişdi ki, artıq Türkiyənin səbri daşmaq üzrədir. Xəbərlərə görə, Türkiyə ordusu da son günlər Suriyanın şimalına ağır texnika və artilleriya sistemləri, o cümlədən canlı qüvvə , beton bloklar göndərir.