Yoluxmalar azalır - yeni dalğa oktyabrda olacaq?
Tarix: 17-09-2021, 08:22
Baxılıb: 608
Google+ Paylaş
Tumblr Paylaş

Yoluxmalar azalır - yeni dalğa oktyabrda olacaq?

17-09-2021, 08:22

Baş infeksionisti deyib ki, pandemiyanın növbəti dalğası sönməyə doğru gedir, lakin vəziyyət dəyişə bilər...

Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının azalması müşahidə edilir. Ötən ayın son iki həftəsi ilə müqayisədə yoluxmalar yarıbayarı azalıb.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da mətbuata deyib ki, pandemiyanın növbəti dalğası sönməyə doğru gedir, lakin vəziyyət dəyişə bilər. O, fikrini yoluxma sayınının azalması, xəstəlikdən sağalanların sayının yeni yoluxanların sayını üstələməsi və xəstəliyi aşkar etmək üçün istifadə olunan spesifik test nümunələrində pozitiv nəticələrin səviyyəsinin azalması əsasında söyləndiyini vurğulayıb.
Maraqlıdır ki, hökumət iyul ayından vüsət götürən yeni dalğanın qarşısını almaq üçün heç bir məhdudlaşdırıcı tədbirə əl atmadı. Toylara, başqa şənliklərə yasaq qoyulmadı, insanların kütləvi toplaşdığı ticarət mərkəzləri, bazarlar, qapalı məkanlar maska taxmaq şərti ilə fəaliyyətini davam etdirdi. Vaksinasiya prosesi sürətləndi. Məlumata görə, ölkədə 4,5 milyon nəfərdən artıq insan vaksinin birinci dozasını vurdurub. Yoluxmaların sayının azalmasının səbəbləri sırasında Məhərrəm ayı olduğu üçün ölkədə kütləvi şənlik mərasimlərinin təşkil edilməməsi də göstərilir.
Hökumət heç bir qadağa tətbiq etmədiyi halda pandemiyanın növbəti dalğası niyə səngidi? Burada kütləvi vaksinasiya və Məhərrəm ayında toy, nişan mərasimlərinin keçirilməməsi rol oynayırmı? Hətta iddia olunur ki, ağır xəstələr ölür və dalğa bu səbəbdən sönməyə başlayır.
"Uşaqların peyvənd olunmasına hələlik ehtiyac yoxdur" - Həkim » Azxeber.com  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
 Nicat Əzimli
Bizimlə söhbətdə həkim-infeksionist Nicat Əzimli deyib ki, ölkəmizdə tətbiq olunan vaksinasiya prosesi, eyni zamanda xəstəlik hallarının sürətlə artımı nəticəsində kollektiv immunitetin yaranması burada əsas amildir: “Belə ki, müvafiq olaraq süni və təbii immunitetin paralel şəkildə artması sonda yoluxmaların azalmasına, hətta sıfıra yaxınlaşmasına da gətirəcəkdir”.
İnfeksionist “yoluxmanın səngiməsində kütləvi vaksinasiya və Məhərrəm ayında toy, nişan mərasimlərinin keçirilməməsi rol oynayırmı” sualına cavab verib: “Digər qeyd etdiyiniz amillərin də burada önəmli rolu var. Belə ki, həqiqətən də yoluxmaların böyük hissəsi toy və digər məclislərdə baş verirdi”.
N.Əzimli əlavə olaraq bildirib ki, ağır xəstələrin ölümünün statistikaya müsbət təsir göstərməsi fikri isə burada yanlışdır: “Bu xəstəlik Ebola deyil. Bu fikri o zaman demək olardı ki, xəstəlikdən ölüm sayı çox yüksək olsun. Məsələn, ən azı 60-70%-dən çox olsun. COVİD-19-dan və ”Delta" variantından ölüm faizi isə çox azdır".
Pandemiyanın nə vaxt bitəcəyini söyləmək çətindir” - İnfeksionist
Könül İsmayılova
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Son günlər koronavirus infeksiyasının azalması səbəbi ilə bağlı onu qeyd edə bilərəm ki, infeksion xəstəliklər, o cümlədən koronavirus müəyyən bir inkişaf dinamikasına malikdir ki, yoluxduqdan müəyyən bir dövr sonra (2- 21 gün), heç bir ağırlaşma olmadığı təqdirdə,  sonda sağalma ilə nəticələnir. Digər tərəfdən, sərt karantin rejimi tətbiq olunmasa da, ictimai iaşə müəssisələri və digər yerlərdə COVİD pasportunun və ya immunitet sertifikatının tələbi məsələsi, özlüyündə təbii ki, ağırlaşmaların və ölüm faizinin qarşısını əhəmiyyətli dərəcədə azaldır. Digər bir məqam isə hər dəfə pandemiyanın yeni alovlanması, yəni növbəti dalğa təhlükəsi ilə üzləşdikdə, açıq havada belə maska geyinən vətəndaşlarımızın çox olduğunu müşahidə edirik. Bu o deməkdir ki, artıq qorunma yolları ilə bağlı ictimai rəy formalaşır. Çünki çox sürətli yayılan ”Delta" ştammı ilə bir çox insanlar bu və ya digər şəkildə üzləşmiş oldular".


Həkim “yoluxmanın səngiməsində kütləvi vaksinasiya və Məhərrəm ayında toy, nişan mərasimlərinin keçirilməməsi rol oynayırmı” sualına da cavab verib: “Azərbaycanda rəsmi olaraq Məhərrəmlik ayı qeyd olunmasa da, xalqımız dini etiqad və adət-ənənələrinə hörmətlə yanaşır. Bu baxımdan da kütləvi toplaşma zamanı yoluxma dinamikasının əsaslı şəkildə arta biləcəyi kontekstindən söyləmək olar ki, qeyd olunan səbəblər sırasında yer ala bilər.  Pandemiya dalğasının sönməyə başlamasına gəldikdə isə bu məsələ statistik göstəricilər əsasında, elmi araşdırmalara əsasən, bu sahədə çalışan mütəxəssislər tərəfindən müəyyən təhlillər, epidemioloji-statistik analizlər əsasında müəyyən edilərək qiymətləndirilir”.
Yeri gəlmişkən, bir müddət öncə Azərbaycanda “Mu” ştammının olması barədə narahatlıq var idi. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı mediaya açıqlamasında deyib ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının “Mü” ştammı ilə yoluxma faktı qeydə alınmayıb: “”Mü" ştammının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır. “Mu” ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVİD-19-un “Mu” ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".
Vüqar Cavadzadə: “Yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir”
Vüqar Cavadzadə 
İnfeksionist Vüqar Cavadzadə isə deyib ki, yoluxmaların artıb-azalması sırf bioloji amillərlə əlaqədardır:  “Hər bir infeksiyanın mənbəyi, epidemik alovlanma dövrü olur. Epidemik alovlanma pik nöqtəyə çatandan sonra sönmə dövrü başlayır. Epidemiyanın bu xüsusiyyətinə görə onu dalğavarı adlandırırlar. Yaxud da hər bir pandemik infeksiyanın baş qaldırdığı kimi nə vaxtsa sönməsi də olur. COVİD-19 infeksiyası da hazırda pandemiya dövründədir, müəyyən zamandan sonra sönərək pandemik vəziyyətdən çıxacaq. Pandemiya ləğv olunacaq, lakin bu o demək deyil ki, COVİD-19 infeksiyası tamamilə təmizlənərək sıfıra düşəcək. Belə bir ehtimal, əlbəttə ki, yoxdur. Koronavirus infeksiyasının ümumilikdə 40-dan artıq növü var və insan orqanizmində altı növ xəstəlik törədir, yeddinci növ də COVİD-19-dur. COVİD-19-un tamamilə yoxa cıxacağını və yaxud olmayacağını düşünmək olmaz. Lakin bu infeksiya azalacaq, hər il, hər fəsil xəstələnmə halları müşahidə ediləcək, insanlar dəfələrlə bu xəstəliyi keçirəcək, onlarda immunitet yaranacaq və zaman keçdikcə adi bir xəstəliyə çevriləcək. İndən sonra da risk qrupuna daxil olanlar arasında ölüm hallarına təbii ki, rast gəlinəcək. Zaman keçsə də, bu xəstəlik immun sistemi zəif və yanaşı xəstəlikləri olanlar üçün ağır keçəcək və təəssüf ki, mənfi nəticələr də verəcək”.
Afaq MİRAYİQ,


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ