loading...

Kredit reytinqinin enməsi - ölkə borc alanda da problem yaşanacaq...

Kredit reytinqinin enməsi - ölkə borc alanda da problem yaşanacaq...Ekspertlərin sözlərinə görə, yatırımla bağlı ciddi problemlər olan Azərbaycanda bu qərardan sonra vəziyyət daha da pisləşəcək...
“Fitch Ratings” agentliyinin Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsinə endirməsi ekspertlər tərəfindən müxtəlif prizmalardan qiymətləndirilib. Xatırladaq ki, Azərbaycanın əvvəlki reytinqi “BBB-” səviyyəsində dəyərləndirilirdi. “Fitch” reytinqin endirilməsini ölkə iqtisadiyyatının karbohidrogen ehtiyatları ilə bağlı olması, neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarının azalması ilə izah edir. Reytinq üzrə proqnoz “mənfidir”.

Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqinin aşağı salınacağı gözlənilən idi: “Məlumdur ki, bu səbəbdən Azərbaycan kifayət qədər möhkəm valyuta daxilolmalarından məhrum olub. Reytinqin aşağı salınmasının əsas səbəbi də budur. Digər tərəfdən, reytinq təşkilatları heç şübhəsiz ki, qiymətləndirmə zamanı yaranmış vəziyyətdə ölkədə aparılan iqtisadi islahatları və bank sektorundakı durumu da əsas amillərdən biri kimi nəzərdən keçirirlər. Bu gün böhrandan çıxmaq istiqamətində Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlar artıq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən rəsmi şəkildə dəstəklənir. Lakin bank sektorundakı vəziyyət heç də ürəkaçan deyil. Banklarımızın xarici valyutada olan kreditlər və və xarici valyutada olan əmanətlər məngənəsində sıxılması və bu səbəbdən onların sağlamlaşdırılması sahəsində yaranmış problemlər bütövlükdə bank sektoru haqqında müsbət heç nə deməyə əsas vermir. Beynəlxalq reytinq təşkilatlarının qiymətləndirmə zamanı məhz bu məsələni diqqət önünə çəkmələri şübhəsizdir”.



Ekspertin sözlərinə görə, iqtisadi islahatlarla bağlı və yaranmış böhran şəraitində bütövlükdə iqtisadiyyatın durumu ilə bağlı ciddi problemlər yoxdur: “Ciddi ola biləcək bir tək problem bank sektoru ilə bağlıdır. Ona görə də bank sektorunun işinin ən qısa zaman kəsiyində kökündən yenidən qurulması qaçılmazdır. Bank sistemində yaranmış bu vəziyyətin bir əsas səbəbi də onların nizamnamə kapitalını 10 milyon manatdan 50 milyon manata qədər artırdıqları zaman yol verdikləri formallıqlardır”.

F.Yusifov qeyd edib ki, Azərbaycanın kredit reytinqinin aşağı salınmasının kredit götürülməsi işində hər hansı bir ciddi əngəllər yaradacağına isə inanmır: “Eyni qayda ilə bu qiymətləndirmədən sonra kimlərinsə bizi mövcud borclarımızı ödəməkdə tələsdirə biləcəyi də reallıqdan çox uzaq bir məsələdir. Hər bir borc müvafiq müqavilə əsasında verilir və hər bir müqavilədə də borcun ödənilməsi şərtləri öz əksini tapır”.



Ekspert Natiq Cəfərli isə qeyd edib ki, bu artıq ikinci böyük reytinq təşkilatının verdiyi qərardır: “Tezliklə daha bir reytinq agentliyi buna bənzər hesabat açıqlayacaq. Bu, o deməkdir ki, Azərbaycan yatırım üçün çox əlverişsiz bir ölkə səviyyəsinə gəldi. Bu çox ciddi məsələdir. Onsuz da Azərbaycanda yatırımla bağlı ciddi problemlər var idi. Bu qərardan sonra vəziyyət daha da problemli hala gələcək. Həm də ölkənin özü üçün də ciddi problemdir ki, gələcəkdə ölkə beynəlxalq strukturlardan maliyyə qaynaqları cəlb etmək istəsə, kredit cəlb etmək istəsə, ən yaxşı halda, çox ağır şərtlərlə buna nail ola bilər. Bir çox hallarda imtina olacaq. Amma imtina olmasa belə, ölkə çox ağır şərtlərlə, çox yüksək faizlərlə kreditləri cəlb etmək məcburiyyətində qalacaq”.

Qeyd edək ki, Azərbaycanın yeni reytinq dərəcəsi- “BB+” səviyyəsi “spekulyativ” və ya “zibil” səviyyə hesab olunur. Bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır. Əksər ekspertlər Azərbaycanın kredit reytinqinin “zibil” səviyyəyə endirilməsinin borclanmada ciddi əngəl yaradacağını vurğulayırlar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər