İordaniya şahzadəsi: Bu, İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır - ÖZƏL
Tarix: 18-11-2020, 14:33
Baxılıb: 416
Google+ Paylaş
Tumblr Paylaş

İordaniya şahzadəsi: Bu, İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır - ÖZƏL

18-11-2020, 14:33

Hər il İordaniya şahzadəsi Basma bin Talalı Azərbaycan mədəniyyəti, tarixi ilə tanış edirəm.
Bu sözləri Publika.az-a müsahibəsində Samia Xamis deyib.
- Əziz Samia, sizi yaxından tanıyaq...
- İordaniyanın paytaxtı Əmman şəhərində yaşayıram. Atam fələstin əsilli iordaniyalıdır. Azərbaycan Tibb Universitetində təhsil alıb. Elə tələbəlik vaxtı da anamla tanış olub evləniblər. Sonra isə İordaniyanın paytaxtına köçüblər. Anam isə İordaniyada Azərbaycan diasporunun sədridir. 6 dildə sərbəst danışıb, yazıram. Hazırda İordaniya Universitetinin siyasi elmlər fakültəsində təhsil alıram.

- Hər il İordaniya şahzadəsi Basma bin Talalı Azərbaycan mədəniyyəti ilə tanış edirsiniz...
‌- Bəli. Şahzadə Basma bin Talal ilə uzun müddətdir tanışıq. İllərdir ki, onun təşkilatçılığı ilə baş tutan diplomatik xeyriyyə bazarında Azərbaycanı təmsil edirəm. Olduqca savadlı, müdrik insandır. Hər dəfə görüşəndə, dərslərimiz, problemlərimizlə maraqlanır. Bizim stendimizə mütləq yaxınlaşır. Azərbaycan mədəniyyəti və mətbəximizlə bağlı suallar verir. Onu da əlavə edim ki, Misirin vəliəhdi Əl-Hüseyn bin Abdullah ilə də Ümumdünya Gənclər Forumunda görüşmüşəm. O da olduqca nəzakətli və mehriban insandır.
- BMT və bir sıra nüfuzlu təşkilatlarla əməkdaşlıq etdiyinizi də bilirəm.
- Doğrudur. İndoneziyanın yerli nümayəndəlikləri, eləcə də bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirəm. Buraya həmçinin BMT, "World for You" və digər nüfuzlu qurumlar aiddir. Yəqin bilirsiniz, Yaxın Şərqdə qadınlar üzrə beynəlxalq futbol yarışları ilk dəfə İordaniyada keçirilib. Bu yarışların təşkilatçıları sırasında mən də olmuşam. Həmçinin xatırladım ki, anam ingilis dili müəllimidir. 5 dildə sərbəst danışır. Ona görə gündəlik həyatımızda bir sıra dillərin rolu var. Azərbaycan dilində danışıb yazdığıma görə AMEA-nın təşəbbüsü ilə ərəb dilli Vikipediya üçün bir sıra tərcümələr də etmişəm.
- Azərbaycanlı ana ilə iordaniyalı atanın övladı olmaq, bu iki mədəniyyətin vəhdətində yaşamaq necə hissdir?
- Özümü həm İordaniya, həm də Azərbaycan vətəndaşı sayıram. Anam evimizdə həmişə milli əhval yaratmağa çalışıb. Azərbaycan mətbəxi, mədəniyyəti, dili, hətta atalar sözləri həyatımızın ayrılmaz hissəsidir. Bizi Azərbaycan dəyərləri ilə böyüdüb. Qeyd etdiyim kimi həm də İordaniyadakı Azərbaycan diasporunun sədridir. Baxmayaraq ki, burada yaşayan azərbaycanlıların sayı azdır, yenə də çox fəalıq. Yerli əhaliyə Azərbaycanda baş verən siyasi, iqtisadi dəyişikliklər haqda məlumat veririk. Doğrudur, pandemiyadan öncə daha çox tədbirlər keçirirdik. Amma yenə də əlimizdən gələni edirik. Novruz bayramına xüsusi önəm veririk. Anam hər il Novruza çox ciddi hazırlaşır. Səməni cücərdir, diasporun xanım üzvləri ilə birgə bayram şirniyyatları hazırlayır. Əcnəbi dostlarımız mütləq bayramlarımıza qatılır. Qan yaddaşımız olan 20 Yanvar, Xocalı faciələrinə xüsusi önəm veririk. Hətta bu 30 il ərzində erməni vandallarının viran qoyduğu torpaqlarımız, abidələrimiz haqda tez-tez müzakirələr edirdik. Bu gün çox xoşbəxtik ki, Qarabağımız işğaldan azad olunur. Bu qələbə dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və güclü ordumuz sayəsindədir. Şübhəsiz, tarixin ən böyük qalibiyyətlərindən biridir.

- Şuşanın işğaldan azad olunduğu gün Əmman şəhərinin ən məşhur hotelinin bayrağımıza büründüyünu gördük. Bu haqda bizə məlumat verin, lütfən…
- Bəli, həmin gün İordaniyanın ən məşhur "Le Royal" hotelinin üzərində Azərbaycanın bayrağı əks olundu. Bu, çox qürurlu səhnə idi. Bayraq Günümüzdə də iki tədbir keçirdik. Diaspor üzvləri ilə birgə Əmman şəhərinin Heydər Əliyev meydanında yürüş etdik. Çiynimizdəki bayraqlarımızla gəzdik. Təəssüf ki, COVID-19 daha geniş tədbirlər gerçəkləşdirməyimizə əngəl oldu. Buna baxmayaraq, əcnəbi dostlarımızı ətrafımıza toplayıb, qələbəmizi qeyd etməyə nail olduq.
Leyla Sarabi


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ