Taksilərdə arakəsmə: sərnişinlər mövcud durumdan narazıdır
Tarix: 5-05-2020, 18:21
Baxılıb: 540
Google+ Paylaş
Tumblr Paylaş

Taksilərdə arakəsmə: sərnişinlər mövcud durumdan narazıdır

5-05-2020, 18:21

Metro fəaliyyətə başlamadığı üçün avtobuslarda sıxlıq yaşanır, taksilərdə isə virusa qarşı tədbirlər çox zəifdir

Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir.
Əvvəlcə onu bildirək ki, metronun fəaliyyətinin bərpa edilməməsi səbəbindən bu gün avtobuslarda ciddi sıxlıq yaşanır. Xüsusilə də 4 may tarixində karantin rejiminin bir qədər də yumşaldılmasından sonra küçələrdə insanların sayı xeyli artıb. Bu səbəbdən də metro stansiyalarının arasında hərəkət edən xüsusi ekspress avtobuslarda sərnişin əlindən tərpənmək olmur. Sərnişinlər xüsusilə də M2 saylı avtobuslardan şikayət edirlər. Bildirirlər ki, bu avtobuslara sıxlıq əlindən minə bilmədikləri üçün məcbur qalıb, taksidən istifadə edirlər. 
Bəs taksilərdə vəziyyət necədir?
Taksilərdə virusdan qorunmaq üçün sərnişinlə sürücü arasında şəffaf örtüyün qoyulması tələb olunur. Lakin bu tələbə əməl edən çox az taksi var. 
Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir.
Mayın 4-də Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirdi ki, bu gündən etibarən Bakı Nəqliyyat Agentliyi tərəfindən həm daşıyıcı şirkətlərə, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərə sürücü kabinəsinin şəffaf örtüklə örtülməsi barədə məktub göndərilib. 
Onun sözlərinə görə, məktubda “Daewoo” markalı avtobuslarda kabinə şəffaf örtük quraşdırılması və taksilərdə şəffaf arakəsmənin olması tələbi qoyulub: “Bu istiqamətdə işlərə başlanılıb. Onun icrası ilə bağlı məlumat veriləcək”. 
Avtobuslarda hələ ki, bu cür şəffaf örtüyə rast gəlmədik. Yalnız “BakuBus” şirkətinə məxsus olan yeni avtobuslarda sürücülər kabinədə otururlar. Həmin avtobuslarda isə bu, karantin dönəmindən əvvəl də mövcud idi. Yəni avtobuslar istehsal edilən zaman sürücünün oturduğu yer sərnişinin dayandığı salondan xüsusi şəffaf şüşə vasitəsilə ayrılıb. 
Söhbət etdiyimiz taksi sürücüləri bildirdilər ki, onların bu məsələ ilə bağlı məlumatları var.
Taksi sürücüsü Vüqar Nəsirov bildirdi ki, bəzi şirkətlər bu cür arakəsmələri quraşdırıblar: “Lakin bu, heç ümumi taksilərin 10 faizini təşkil etmir. Taksi sürücülərinə tapşırılıb ki, yalnız arxa oturacağa sərnişin götürün. Ön oturacağa onsuz da sərnişin götürmürük. Bu baxımdan arakəsmə də ön hissə ilə arxa oturacaqları ayırmaq üçün quraşdırılır. Bu, xüsusi möhkəm materialı olan plyonkalardır. Sürücü ilə sərnişin arasında dialoq və yaxud da sərnişinin gediş haqqını ödəməsi üçün kiçik bir hissə açıq olur. Sərnişinlər bizə bildirirlər ki, bu cür plyonkaları quraşdırın. Yəni onların özləri də narahatdırlar. Bu baxımdan taksi sürücüləri olaraq qoyulan tələbi yerinə yetirmək üçün lazımı addımları atırıq”.
Sərnişinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, avtobuslarda və taksilərdəki vəziyyətdən narazıdırlar. Söhbət etdiyimiz Bakı sakinlər bildirdilər ki, xüsusilə də günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur: “Günün pik saatında avtobuslarda nəfəs almaq da olmur. “BakuBus” avtobuslarında havalandırma sistemini işlətmirlər. Yan pəncərələr isə bağlı olduğu üçün insanlar nəfəs də ala bilmirlər. Bakı Nəqliyyat Agentliyi sərnişindaşımanı artıq lazımı qaydada təşkil edə bilmir. Metro fəaliyyətə başlamasa, vəziyyət daha da pis olacaq. Çünki taksilərdə də qeyd edilən qaydalara əməl edilmir. Nə sərnişinlər maska taxır, nə də taksi sürücüləri. Avtobuslarda 10 adam olursa, 1 adamda maska görmək olur. Həmin adam da istidən maskanı ağzına yox, çənəsinə keçirir”, - deyə sərnişinlər bildirdilər. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ